“Tütək səsi” filmində Aşıq Hüseyn Saraçlının çaldığı “Ürfanı” havasını yəqinki çoxları dinləyib.

Həmin filmə niyə məhz bu saz havasının,
özü də Hüseyn Saraçlının ifasında salındığı barədə müxtəlif fikirlər
söyləmək olar, amma anladığım bir şey var ki, “Ürfanı” gerçək ərənlərin,
ürfan əhlinin havasıdır. Bu hava Hüseyn Saraçlının ifasında öz klassik
formasına daha sədaqətli səslənirdi.
Saz Borçalının simgəsidir. Borçalı öz sazının qüdrətilə zamanla
müxtəlif adlar altında tarix səhnəsinə çıxmış Bütöv Azərbaycanın ruhunu
təşkil edir. Bu fi krimi Səfəvilər dövləti qurularkən Şah İsmayıl Xətainin
sarayına sazın məhz Borçalıdan getməsi faktı da təsdiqləyir.
Bütün simli musiqi alətlərinin anası olan saz Borçalı aşıqlarının
simasında XX əsr aşıq sənətinin şah zirvəsini fəth edib. Həmin dövr aşıq
sənətinin fatehləri sırasında Xındı Məmməd, Quşçu İbrahim, Məsim
Bəyazidli, Sadıq Sultanov, Əmrah Gülməmmədov, Kamandar Əfəndiyev,
Alxan Qarayazılı, Aşıq Göyçənin və neçə-neçə başqalarının adını çəkmək
olar. Bu aşıqların sırasında özünəməxsus yeri, klassik üsluba sadiq,
özəl improvizasiyalara malik olan Aşıq Hüseyn Saraçlı da var. Hüseyn
Saraçlının adını sonda çəkməklə bu yazını ona həsr elədiyimi bir daha
oxucunun diqqətinə çatdırmaq istəyirəm.
Aşıq Hüseyn sənətin elə bir dövründə yaşayırdı ki, burada XX əsrin
aşıq sənəti tarixində qalmağın yalnız iki yolu var idi. Bu səhnəyə ya
klassik formanın mükəmməl mühafi zəkarı, ya da novator ifaçı kimi
çıxmaqla mümkün idi. O dövr üçün yaranmış aşıq musiqisi prosesinin
modernləşmə qütbünü Aşıq Əmrah, Sadıq Sultanov və Xan Kamandar
tutmuşdusa, klassik üslubun mühafi zəkarı qütbünü Hüseyn Saraçlı təkcə
öz boynuna götürmüşdü. Qeyd edim ki, aşıq sənətindəki bu qütbləşmə
hər iki istiqamətdə öz möhtəşəmliyini isbat edə, böyük nailiyyətlərə imza
ata bildi.
Hüseyn Saraçlı sənəti klassik aşıq sənətinin bütün tələblərinə cavab
verməklə dastançılıq yolunda da öz xüsusi yerinin olduğunu ictimaiyyətin
diqqətinə çatdıra, folklor və aşıq sənətinin tarixinə yaza bildi. Onun
dastanlara öz improvizasiyasını qatması dinləyicilərə özəl bir zövq verirdi.

Bu, Hüseyn Saraçlının dilimizin zənginliyini içinə hopdurması
səbəbindən doğurdu. Eyni zamanda, o, dastanı dilimizin qrammatik
formasında deyil, əksinə el dilində danışmağa, hətta dialoqları obrazların
məxsus olduğu regionun, hadisələrin cərəyan etdiyi bölgənin şivəsində
dinləyiciyə çatdırmağa üstünlük verirdi. Bu üslub və ya yanaşma onu
aşıqsevərlərə xüsusilə sevdirdi. Hüseyn Saraçlının keçirdiyi məclislər,
onun toy-nişanda ifa etdiyi mahnılar və söylədiyi əfsanələr, əhvalatlar,
gülməcələr, atmacalar öz təsirini təkcə ictimai şüurun formalaşmasına
deyil, həm də Borçalı ədəbi mühitinin, aşıq poeziyasının inkişafına öz
təsirini göstərirdi. O, ictimai düşüncəni ürfan ədəbiyyatına, QuraniKərimi

təfsir edən poeziyaya, yeri gəldikcə nəti-şərifə, Xalq dastanlarında
mifləşdirilmiş obrazların təhlilinə və bu obrazların dastan boyu səfər
etdikləri məkanların, orada göstərdikləri qəhrəmanlıq nümunələrinin
özəl xüsusiyyətlərinə yönəldirdi. Hüseyn Saraçlı eləcə də, öz maraqlı
söyləmələri ilə dinləyicini Dirili Qurbani, Xəstə Qasım, Xəstə Hasan,
Abbas Tufarqanlı, Qul Qarani, Qul Allahqulu, Aşıq Alı, Aşıq Ələsgər,
Aşıq Şenlik, Şair Ağacan, Şair Nəbi, Novruz Təhləli və s.kimi böyük
ədibləri dərk etməyə sövq edirdi. Çünki bu aşıq və şairlərin yaradıcılıq
nümunələri, eyni ilə də Hüseyn Saraçlının əsərləri dinləyiciyə çatdırma
ustalığı tarixi yaddaşın qorunmasına, türkçülük ruhunun diri tutulmasına,
milli şüurun inkişafına stimul verən əvəzsiz bir xidmət idi.
Aşıq Hüseyn Saraçlı öz davranışı, qabiliyyəti, ustadlığı, insanlıq
göstəriciləriylə elə bir aşıq obrazı yaratmışdı ki, insanlar onu adi deyil,
eldə fövqəl bir varlıq kimi qarşılayırdılar. Buna baxmayaraq, o, çox
sadə, ürəyiaçıq, səxavətli, elin imicininin uca görünməsinə çalışan,

dədəbabadan miras qalmış Borçalı kişilik obrazının əlamətlərinə sadiq qalan
mükəmməl bir insan idi. Bu gün də söhbətlər arası ondan sitatlar gətirilir,
onun yaratdığı səhnələr, lətifələr, başına gələn əhvalatlardan ağızdolusu
və fəxarətlə bəhs edilir.
Bakı, 01 noyabr 2015-ci il.

Paylaş:
Link kopyalandı
Baxış sayı: 27

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı