Qazi Gülxanə paşa

Buludlar kişnədi, ildırım çaxdı,
Sanasan dağları göy yıxacaqdı!..
Yubanma ömrümə, Qazi Gülxanə,
Cərrah bıçağını sıyırma vaxtı!!!

Xəstəlik ölümün birər əsgəri;
Birlərdən törəyir zülmün ləşkəri.
Sən meydana çıx ki, Qazi Gülxanə:
Ölümün nəfəsi çəkilsin geri!

Tapdı mincə Qazi nicatı burda,
Qurtuldu yenidən həyatı burda!
Şairə, yazara ömür bəxş etdi..!
Nura dəyişirlər zülməti burda.

Gülxanə: Rəhmani ordunun başı!
Fəryada, zillətə, ölümə qarşı!
Ulu dərgahına pənah gətirdim:

Tibbin və Qazinin müştərək bürcü!
Gülxanə bıçağı – həyat ülgücü!
Yüz ildən artıqdır aləmə bəlli:
Cərrah bıçağında kamalın gücü!

Gülxanədə gül yox, gül həkimlər var!
Yıxılma, yıxılsan, gör ki kimlər var!
Gələni ümidli, gedəni rahat;
Sevinc ortamında təlatümlər var!

Sən Türkün fəxrisən, fəxarətisən!
Bir soyun şahlanmış kəramətisən!
Sən haqqın fərahı, sağlıq neməti;
Millətin ziqiymət bir sərvətisən!

Həyat qovğasında hər dəfə Qazi,
Sən Haqqından razı, Haqq səndən razı!
Bir nurlu məşəlsən məğrur əllərdə;
Fəthin təzələnir hər həftə azı!

01 mart 2015.
Ankara. Gülxanə Əsgəri Tibb Akademiyası

 

Bu da ki belə…

Bu bostanı necə əkib-becərim?!
Yağışı quruyub, su da ki belə…
Kasadlıq afətdir; nə fərqi varmış:
Ya muşovul yesin, ya da ki belə…

Kotan nədi, fil qaldırar bu qırğı!
Heç nədən yarılır dağların bağrı…
Kor quyudan nə səs bitər, nə qarğı:
Dibində boğulub səda ki belə…

Laxlamış bir iman sağ qala, qalmaz!
Pozulmuş o hörmət saqqala qalmaz!
Bir budaq ucunda çaqqala qalmaz;
Nəylə gəlir-gəlsin, qada ki belə…

Bu qaçqınlıq hardan soya, nəsilə?!.
Axşam nəslə gəlir, səhər nəs ilə.
Qorxuram bu torpaq şoran kəsilə:
Göz yaşıyla doyur cada ki belə…

Sultanheydər zirvədəki pir idi!
Ağrıyla üzbəüz, qəlbi bir idi!..
Keytidağda “Qu gölü”müz qurudu;
O göl qudan getdi; qu da ki belə…

Qaneyəm dünyanın azı-çoxuyla;
Uyuşum tapaydım, ey kaş, yuxuyla;
Aradım səbrimi “Yahu-Yahu!”yla,
Qəzəbnak olmayıb Xuda ki belə…

Hər açan çiçəklə bir bahar səndim;
Bir qom bənövşəyə can dəyişərdim…
Ömrümün boyunu ölçdüm; üşəndim:
İndidən düşmürəm yada ki belə…

Belə xor baxmazdı bəndə Allaha:
Ulduzlar daş kimi qorxuram yağa…
Bu ormanda palıd bitməz bir daha:
Hindilər tumunu uda ki belə!..

Bu mövzu ağlıma gəldi ha sondan;
Dadanmışdım: qoşma yazam asandan.
Sonunu gözləmə Məmməd Aslandan!..
Yetər bu qədəri!… Bu da ki: Belə!!!

 

 

Qayadan qumacan

Dağın ayağından asılar daşlar;
Belə mənzil kəsər daş ağır-ağır…
Tükənmək bilməz ki, çılğın savaşlar;
Daşlaşmış canlardan kövrəklik yağır.

Soyumun daşını döşümə döydüm,
Döyə bilmədimsə, kimə nə borcu?!
Qayaya kök atıb, daşda böyüdüm;
Daş-daşla qovuşsa, daş – qala bürcü!

Çiyninə baş əysək bir-birimizin;
O daş yastıq olar, baş yarmaz daha!
Boğmaz işığını gecə gündüzün;
Sağ-salamat çıxar axşam sabaha!..

Bir soy ki bir daşa baş qoysa əgər,
O daş millət üçün səcdəgah olar!
Kök özünü sevsə, Haqq onu sevər!
Bir soyun ayarı tam agah olar.

Qaya sədası var başın yasında:
Baş, daşın üstündə heykələ dönər!
Orxon-Yeniseyin daş-qayasında,
Hələ Türklüyümün nəbzi döyünər.

14 yanvar 2014. Bakı.

 

Uçub getdi o günlər ki…

(Hümmət müəllim Məşədihəsənliyə)

Ömrü tülək tərlan ömrüydü onun:
Fəzada dövr etdi, fəzada getdi.
Gah Sultanheydərdə, Quş yuvasında:
Ha yana üz tutdu, azada getdi.

Qocalıq ölümdən betərmiş demə;
Ömür hardan-hara yetərmiş demə!..
Əkdiyin-biçdiyin itərmiş demə;
Getdi o nemət də, urza da getdi.

Bu gəldi-getdi nə, bu qovğa nədi?!
Nədən daşıb-törər bu işin bədi?!
Saxsağan daşıdı, muşovul yedi;
Nələr kimə çatdı, nə zada getdi?!

İki ombabaşı birdən zay olsa,
İki qüdrət birdən heçə sayılsa;
“Platin” qızıldan hətta yey olsa,
İki qanad bir cüt əzada getdi…

Qəza – qəza üstən: qoymur göz açam!
“Dəmir-dümür” oldu üst-üstə qılçam…
Mən quş yarandım ki: göylərdə uçam;
Bir canım neçə yol qəzada getdi…”

Qınayır fağırı ağzıgöyçəklər:
“… Zərə dəmir” – demə, nə deyəcəklər?!”
Qartalın dərdini duymaz böcəklər;
Məna toxumada, əzada getdi…

09.03.2015. Bakı.

 

 

 

Paylaş:
Link kopyalandı
Baxış sayı: 16

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı