NAXÇIVAN
Gəlmişəm Əlincə qalana sənin,
Çıxmışam zirvənə, dağına sənin.
Baxıram qəlbində yarana sənin,
Təbrizsiz yaşayan, canım Naxçıvan!
Hayqır, qoy Təbrizə yetişsin səsin,
Arazla qoy axsın sənin nəfəsin.
Zəngəzurdan olsun gələn gəlişim,
Deyim gözün aydın, canım Naxçıvan!
Gəlim, səndən keçim İrəvana mən,
Göyçəyə, Dərələyəzə, o Vətənə mən.
Yığım xalı təki gül-çiçəyin mən,
Ayağın altına sərim, Naxçıvan!
Müslümün arzusu tükənən deyil,
Tarixim yaşayır, bil, itən deyil.
O xoş günlərimiz heç bitən deyil,
Sevincin bol olsun, görüm, Naxçıvan!
İyun, 2023
SANKT-PETERBURQ
Bu şəhərdə ömür keçib, gün keçib,
Həyatımda özünə bir don biçib.
Deyirlər ki, keçən günlər qayıtmaz,
Xəyallarla qayıtdım mən o günə.
Otuz beş il vərəqləndı gözümdə,
Gətirdim mən o günləri özümdə.
Yada salıb, addım-addım izımdə,
Xəyallarla qayıtdım mən o ilə.
Sevgi dolu illər necə əzizdir,
O xoş aylar, günlər necə əzizdir.
Qazandığım paylar necə əzızdir,
Xəyallarla qayıtdım mən o ilə.
Adı Piter, tam fərqli bir şəhərdir,
Çox mədəni, maraqlı bir şəhərdir.
Ağ gecəli, qonaqlı bir şəhərdir,
Yaşayıram, kəşf edirəm il-ilə.
Müzeyləri dünyada yer alıbdır,
Yaddaşlarda çay, kanalı qalıbdır.
Körpüləri aləmə səs salıbdır,
Çox gəzməli, görməli bir şəhərdir.
Ermitaja hər kəsin var marağı,
Yay Sarayı, fəvvarələr sorağı.
Çar kəndində kəhrəbadan otağı,
Çox bəzəkli, sürməli bir şəhərdir.
Savadlıdır, ziyalıdır insanı,
Universitet, liseylərin yox sayı.
Avropanın çıxışı – Neva çayı,
Oxumalı, qalmalı bir şəhərdir.
Sultanöğlu, bu şəhərə tay hanı,
Səma altda möcüzədir hər yanı.
Gün çıxanda heyran edir baxanı,
Vəsf etməli, yazmalı bir şəhərdir.
27.05.2023
ŞAHBUZ DAĞLARI
Yenə yay gəlibdir səsli, soraqlı,
Qonaqlı, qaralı Şahbuz dağları.
Batabat, Qanlı göl, Pünhan bulağı,
Üç qardaş, Ağbulaq, Şahbuz dağları.
Burda hər bir yaylaq eliylə məşhur,
Çaylar şəffaflığı, seliylə məşhur.
Çəmənlər çiçəyi, gulüylə məşhur,
Əhdə etibarlı Şahbuz dağları.
Külüs çöllərindən keçib gəlmişəm,
Çınqıllı suyundan içib gəlmişəm.
Keçəldağ, Nursdağa köçüb gəlmişəm,
Başqa möcüzədir Şahbuz dağları.
Salvartı dağından əlçim çən gəlir,
Sabah duman gəlir, gündüz gün gəlir.
Çoxlu oba gəlir, çoxlu el gəlir,
Dosta sədaqətli Şahbuz dağları.
Dağlar vüqarlıdır, bulaqlar sərin,
İnsanlar zəhmətkeş, dostluğu dərin.
Yığışın, yığışın, sizlər də gəlin,
Gəlin, qoy sevinsin Şahbuz dağları!
Dünyaya səs salıb Badamlı bulaq,
Gəzmişəm, almışam hər yerdən soraq.
Gəlmişəm yenə də mən sənə qonaq,
Al məni qoynuna, Şahbuz dağları!
İyun, 2025
ŞUŞA
Getmək istədiyim çox yerlər olub,
Getdiyim yerlərin başıdır Şuşa.
Ayağım dəyəndə gözümdən axan,
Qürurun sevinci, yaşıdır Şuşa.
İgid oğulların Şəhidlik anı,
Torpağa tökülən müqəddəs qanı,
Çatdığı zirvəsi, şöhrəti, şanı —
Tarixə yazılan yerimdir Şuşa.
Topxana meşəsi ocağım, pirim,
Həkəri çayına Zəmzəmim deyim.
Cıdır düzü oldu ziyarət yerim,
Dünyada müqəddəs evimdir Şuşa.
Qala qapısını görüb gülürəm,
İsa bulağından içib dönürəm.
Natəvan, Vaqifə salam verirəm,
Vətənim, ürəyim, canımdır Şuşa.
Tarixi çox qədim, qalası özəl,
Bulaqları sərin, havası gözəl.
Müslümə ruh verib düzdürür sözə,
Yenə yazacağım şeirimdir Şuşa!
May, 2025