KOR İNADIN BƏDƏLİ
( Hekayə)
Bir ailədə üç qardaş, iki bacı vardı. Valideynləri oğlanlarından ikisini evləndirmiş, qızları da ailə həyatı qurub hərəsi bir yerdə yaşayırdılar. Yalnız son beşik övladları ailə həyatı qurmamışdı. Ana bir gün oğlunu yanına çağırıb deyir ki:
– A bala, biz də qocalmışıq, daha əvvlki kimi iş-güc, biş-düş edə bilmirik. Gəl səni evləndirək, evimizə bir köməkçi gəlsin.
Ana oğluna kənddən bir neçə qız adı saydı. Ancaq oğlu onların heç birisinə razılıq vermədi. O, qətiyyətlə bildirdi ki:
– Mənim öz istədiyim var. Hazırlaşın, bir-iki günə elçi gedəcəksiniz.
Ana qızın kimlərdən olduğunu öyrəndi. Oğluna məsləhət verib dedi ki:
– A bala, o qız bizlik deyil. Biz zəhmətkeş, halal adamlarıq, onlar isə tamam başqa mühitin insanlarıdır. Sonra peşman olarsan.
Oğlu ananın bu sözləri ilə razılaşmadı, öz dediyindən dönmədi. Əlacsız qalan valideynlər övladlarının dediyi ünvana getdilər və oğlanlarını evləndirdilər.
Lakin gəlin evə gələn gündən hər şey dəyişdi. O, bütün günü yatır, oyanandan sonra da qaynanasına bəzi tapşırıqlarını verib gəzməyə gedirdi. Qaynata gəlinin bu hörmətsiz hərəkətlərinə, evdəki bu nizamsızlığa və oğlunun kor inadına dözməyib rəhmətə getdi.
Atanın ölümündən sonra da heç nə dəyişmədi. Anası yenə oğluna yalvarıb dedi:
– Oğlum, arvadını başa sal, heç olmasa bir az iş görsün, biş-düş etsin. Mənim dözümüm qalmayıb.
Oğlu isə bu vəziyyətdə həyat yoldaşını yox, yenə də öz anasını günahkar çıxardı. Bir gün oğlu işdən evə gələndə dəhşətli bir mənzərənin şahidi oldu; arvadı anasını döyüb, saçını yolmuşdu. Lakin oğlan o qədər kor və iradəsiz idi ki, heç nə olmamış kimi özünü göstərdi, sakitcə otağına keçdi.
Ananın ürəyi bu haqsızlığa və oğlunun vecsizliyinə dözmədi. Axı o, bu oğlunu min bir zəhmətlə böyütmüşdü. O gecə səhərə qədər ağlayan ana, bu evdə artıq ona yer qalmadığını anlayıb səhər tezdən bir neçə parça paltarını götürüb səssizcə evdən çıxdı.
Ana əvvəlcə böyük oğlanlarının qapısını döydü, lakin gəlinlər tərəfindən soyuq qarşılandı, yük olmaq istəmədi. Nəhayət, qızlarından biri anasının bu vəziyyətini eşidib onu öz evinə apardı, ona qucaq açdı. Lakin ananın qəlbi son beşik oğlundan elə qırılmışdı ki, günü-gündən şam kimi əriyirdi.
Bu əsnada oğlanın evində işlər tamamilə tərsinə döndü. Ana gedəndən sonra evdə hər nazı çəkən bir kimsə qalmadı. Tənbəl və qəddar gəlin əlini ağdan qaraya vurmur, oğlandan daha çox pul tələb edirdi. Oğlan həm işdə çalışır, həm də evə gəlib təmizlik edir, yemək bişirirdi. Arvadının əsl üzünü yalnız indi anlamağa başlayırdı.
Bir gün oğlan işdən evə qayıdanda arvadının evdəki bütün qızıl-zinət əşyalarını və pulları götürüb başqa birinə qoşulub qaçdığını öyrəndi. Ev bomboş, hər tərəf çirk içində idi. Oğlan başını əllərinin arasına alıb hıçqıra-hıçqıra ağladı. Atasının vaxtsız ölümü, anasının döyülərək qovulması bir-bir gözünün önündən keçdi. Valideynlərinin “O qız bizlik deyil” sözləri qulaqlarında əks-səda verdi.
Etdiyi böyük günahın ağırlığı altında əzilən oğlan dərhal anasını axtarmağa başladı. Qardaşları onu nifrətlə qovsa da, sonda bacısının evində anasını tapdı. Oğlan diz çöküb anasının ayaqlarına qapanıb hər gün bağışlanmasını dilədi.
Bu hadisələrdən bir neçə ay sonra ana haqq dünyasına qovuşdu. O, son nəfəsində peşmançılıqdan qovrulan oğlunun başına əlini qoyub:
– Mən sənə haqqımı halal edirəm, bala… Amma atasının ahı çətindir. Allah günahından keçsin, – deyərək gözlərini əbədi yumdu.
Anasının ölümündən sonra oğlan tamamilə tənha qaldı. Nə qardaşları, nə də bacıları bir daha onun üzünə baxmadılar. O, həm atasının, həm də anasının ölümünə səbəb olduğunu bilərək ömrünün sonuna qədər böyük bir vicdan əzabı içində yaşadı. Kor tərsliyinin bədəlini hər kəs tərəfindən tərk edilmiş, kimsəsiz bir insan kimi ödədi. Atalar demişkən: “Böyüyə baxmayan, böyürə-böyürə qalar”.
Hüseyn İsaoğlu, yazıçı – publisist,
AYB – nin və AJB – nin üzvü
Link kopyalandı
Baxış sayı: 3