“İmza” Nəşrlər Evi V Uşaq Kitab Festivalında kitabsevərlərlə görüşməyə davam edir. Mayın 13–17 tarixlərində keçirilən festival çərçivəsində nəşriyyat öz oxucularına müxtəlif mövzu və janrları əhatə edən zəngin kitab kolleksiyası təqdim edir. Sərgidə bədii ədəbiyyatdan uşaq kitablarına, maarifləndirici nəşrlərdən fərqli istiqamətli əsərlərə qədər geniş seçim yer alıb.
Festivalın ilk günlərindən etibarən “İmza” Nəşrlər Evinin stendi ziyarətçilərin marağı ilə qarşılanıb. Oxucular həm yeni nəşrlərlə tanış olur, həm də sevdikləri müəlliflərlə canlı ünsiyyət qurmaq imkanı əldə edirlər. Tədbir çərçivəsində müəlliflər oxucularına imzalı kitablar təqdim edir, xatirə şəkilləri çəkdirir və səmimi söhbətlər edirlər.
Yazıçı Elnarə Cahan da festivalda iştirak edərək “İmza” Nəşrlər Evinin yayımladığı kitablarını oxucularına təqdim edib. Yazıçı sərgiyə gələn kitabsevərlərlə görüşüb, kitablarını imzalayıb, oxucularla xatirə şəkilləri çəkdirib və maraqlı söhbətlər aparıb. Festivalın ikinci günündə müəllifin iştirakı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
V Uşaq Kitab Festivalı kitabsevərlər üçün yalnız sərgi deyil, həm də müəlliflərlə bir araya gəlmək, yeni kitablar kəşf etmək və yaddaqalan anlar yaşamaq üçün xüsusi bir məkana çevrilib. “İmza” Nəşrlər Evi bütün oxucuları festival boyunca keçirilən tədbirlərə qoşulmağa, kitablarla dolu maraqlı anların bir parçası olmağa dəvət edir.
imza.info

