Əməkdar elm xadimi Mirəli Seyidov Azərbaycan mifşünaslığının əsasını qoymuş, gərgin axtarışları nəticəsində soykökümüzün mənşəyi problemini tədqiqata çəkərək onu elm sahəsinə çevirmişdir. Alimin fədakarlığı bütün zamanlarda birmənalı qarşılanmamışdır. Çətin və ağır təzyiqlərlə üzləşən Mirəli Seyidova bəzən “millətçi” damğası vuranlar da tapılmışdır.
Sovet dövründə türk sözünün yasaq olduğu, millətin soykökündən uzaqlaşdırıldığı bir zamanda türkçülüyə nəinki meyil göstərmək, onu dərindən araşdırmaq, soykökə bağlı miqyaslı problemlər qaldırmaq qəhrəmanlıq idi. Mirəli Seyidov nəinki türk mənşəyinə türk kimi yanaşıb, həm də müxtəlif ölkələrin arxivlərində çalışaraq xristian elmi fikrinə, ədəbiyyatına təsir edən Azərbaycan-türk qaynaqlarını təhlilə çəkmişdir.
Cəfakeş alimin araşdırmalarında xalqın mifoloji bədii təfəkkürü geniş yer tutur. Mirəli Seyidov bizim o alimlərdəndir ki, tarixin dərin və qaranlıq qatlarında gizli qalan bir çox məsələlərin dürüst, dəqiq izahını verməyə çalışmışdır. Mirəli Seyidov 1918-ci il oktyabr ayında İrəvan şəhərində bəy ailəsində anadan olmuşdur. Ağır seyid olduqlarından onların nəslinə “bəy” yox, “ağa” deyə müraciət ediblər. Mirəli Seyidov əvvəlcə İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində, sonra isə Ermənistan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsil almışdır. Uzun müddət “Sovet Ermənistanı” qəzetində çalışmışdır. 1945-ci ildə İrəvanda olan Həmid Araslıya onun haqqında məlumat verilmişdir. Mirəli Seyidovla söhbət edən Həmid Araslı gənc oğlanın təfəkkürünə, elmi dünyagörüşünə, potensialına, yaradıcılıq həvəsinə məftun olmuşdur. Bu səbəbdən də onu Bakıya dəvət etmişdir. Əvvəllər Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Muzeyində çalışan Mirəli Seyidov sonra taleyini ömrünün sonunadək Nizami adına Ədəbiyyat İnstitutuna bağlamışdır. Burada baş elmi işçi, ədəbi əlaqələr, Azərbaycan mifologiyası və orta əsrlər folklor şöbələrinin müdiri vəzifələrində çalışmışdır.
Mirəli Seyidov uzun illər Matenadaranın gizli arxivlərində çalışaraq həyat və yaradıcılıqları barədə az məlumat olan Aşıq Əmrahın, Bayat Abbasın, Sarovlu Şıxının şeirlərini taparaq tədqiqata cəlb etmişdir.