Hərb mövzusunda yazdığı roman və povestlərlə tanınan yazıçı Əli Bəy Azəri bu günədək ümumilikdə 16 bədii və publisistik kitabın müəllifidir. Yazıçının xüsusilə Birinci və İkinci Qarabağ müharibəsinə həsr olunmuş iri həcmli əsərləri oxucular tərəfindən maraqla qarşılanıb.

Əli Bəy Azəri V Uşaq Kitab Festivalında “İmza” Nəşrlər Evini  təmsil edən müəlliflərdən biri olub. Mayın 13–17 tarixlərində keçirilən festival çərçivəsində oxucularla görüşən yazıçı ilə sərgi barədə söhbətləşdik.

– Əli bəy, Festival barədə təəssüratlarınız necədir?

– Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən V Uşaq Kitab Festivalı millət və dövlət üçün faydalı tədbirlərdən biridir. Xüsusilə son 30 ildə müəyyən qruplar tərəfindən zəiflədilən oxu vərdişlərinin yenidən formalaşdırılması baxımından belə tədbirlər çox önəmlidir.

Festival yüksək səviyyədə təşkil olunmuşdu. Təkcə kitab satışı deyil, uşaqlar üçün müxtəlif əyləncəli proqramlar da təşkil edilmişdi. Uşaqlar şeir söyləyir, rəqs edir, sualları cavablandırır, müxtəlif səhnəciklərdə iştirak edirdilər. Bunlar onların inkişafında və kitaba marağının artmasında mühüm rol oynayır.

Amma hesab edirəm ki, bu sahədə tam sistemli və mütəşəkkil işin qurulduğunu demək hələ tezdir. Oxu vərdişinin inkişafı çox ciddi məsələdir.

Sizcə əsas problemlər nələrdir?

– Bu gün məktəblərdə kurikulum sistemi uşaqları əsasən testlərə yönləndirib. Şagirdlərin əlavə bədii ədəbiyyat oxumağa vaxtı qalmır. Bu isə oxu vərdişlərinin zəifləməsinə gətirib çıxarır.

Festival günlərində çoxlu uşaqlarla söhbət etdim və bir daha gördüm ki, uşaqlarımız öz milli qəhrəmanlarını tanımırlar. Nağıl personajlarımızı bilmirlər. Məsələn, Daşdəmirin, Məlikməmmədin kim olduğunu, onların başına gələn hadisələrdən xəbərsizdirlər.

Amma sərgidə uşaqlara Ronaldo və Messi təqdim olunurdu. Əlbəttə, onları tanımaq pis deyil. Sadəcə, öz milli qəhrəmanlarımızın da uşaqlara tanıdılması üçün ciddi iş aparılmalıdır.

Bu istiqamətdə hansı addımlar atılmalıdır, sizcə?

– Burada məsələ üçtərəfli əməkdaşlıq tələb edir. Deyək ki,Mədəniyyət Nazirliyi müəyyən işlər görür, amma Təhsil Nazirliyinin bu prosesə daha fəal qoşulmasına ehtiyac var. Nəşriyyatlarla Mədəniyyət Nazirliyi arasında əlaqə mövcuddur, lakin nəşriyyatlarla məktəblər və təhsil müəssisələri arasında sistemli əməkdaşlıq yoxdur. Bu da nəticəyə təsir edir.

Yazarlarla məktəblərin əlaqəsi zəifdir?

– Təəssüf ki, bəli. Bu gün məktəblərdə yazıçı və şairlərlə görüşlər demək olar keçirilmir. Uşaq sərgiyə gəlir, amma hansı yazıçının kitabını oxumalı olduğunu bilmir. Bir çox şagird Azərbaycan yazıçılarından cəmi 2–3 nəfərin adını tanıyır.

Mən 5–7-ci sinif şagirdlərindən Azərbaycan şəhərlərinin adlarını soruşdum. Bakı, Təbriz və Dərbənddən başqa şəhər tanımadılar. Kərkükü, İrəvanı, Hələbi bilmirdilər. Bunlar məktəblərdə  öyrədilmirmi?

Bəs çıxış yolu nədir?

– Məncə, nəşriyyatlarla məktəblər arasında davamlı əməkdaşlıq qurulmalıdır. Ən azından hər rayonda həmin bölgədən olan şair və yazıçılar şagirdlərə tanıdılmalıdır. Təəssüf ki, bu iş lazımi səviyyədə görülmür.

Mənimlə Azərbaycanın bir çox məktəblərində görüş keçirilib. Amma öz rayonumdan bir dəfə də olsun görüşə dəvət almamışam. Halbuki hər rayon öz yazarlarını şagirdlərə tanıtmalıdır.

– Hazırda kitab bazarının vəziyyətini necə qiymətləndirirsiniz?

– Yavaş-yavaş kitab bazarı formalaşır. Amma təəssüf ki, digər sahələrdə olduğu kimi burada da vasitəçilər və qeyri-peşəkar yanaşmalar mövcuddur.

– Kitab sərgilərinin keçirilməsi faydalıdırmı?

– Əlbəttə. Məncə, ildə ən azı iki dəfə – yaz və payız aylarında belə sərgilər təşkil olunmalıdır. Məktəblilərin kitabla tanışlığı, onların yazıçılarla görüşü çox vacibdir. Uşaqlar müəllifləri yaxından tanıdıqca kitaba maraqları da artır.

– Sizcə, yazıçılar da dövrə uyğun yenilənməlidirlər?

– Tamamilə. Elə yazıçılar var ki, 70–80-ci illərdə məşhur olublar, amma son 30 ildə nə mətbuatda, nə saytlarda, nə də jurnallarda onların bir cümləsinə rast gəlinmir. Oxucu belə müəllifi necə tanısın?

Yazmaqla yanaşı, çap olunmaq, mediada görünmək də vacibdir. Hətta elələri var ki, əsərləri çap olunmur, amma hər yerdə adları çəkilir. Festivalda oxucular bəzi müəlliflərin kitablarını soruşurdular, amma ortada kitab yox idi.

Dövrə uyğunlaşmaq lazımdır. Ən əsası isə məktəblər bu təşəbbüslərə daha fəal qoşulmalıdırlar. Onda nəticə daha yaxşı olar.

İmza.info

 

Paylaş:
Link kopyalandı
Baxış sayı: 180

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı