Çəhlimlər dırmaşar, cığırlar qalxar,
Üfüqlər sabahın işıq yoludur.
İldırımlar dinər, şimşəklər çaxar –
Ən məğrur nəğmələr zəngəzurludur.
Taleyin torpağa bəxşişidir bu –
Paklığı, qeyrətin, əzmin qoludur.
Minnətsiz yaxşılıq, şirin hiss, duyğu,
Sədaqət, etibar zəngəzurludur.
Hər parça göy səma, hər zərrə torpaq
Ulu gözəlliklə yenə doludur.
Hər coşqun dağ çayı, hər şəffaf bulaq
Çox dərə, çox zirvə zəngəzurludur.
Burda min illərdir yaşayır ellər –
Tarixin alınmaz şöhrət yoludur.
Ən zərif nəğmələr, ən şirin dillər,
Ən təmiz məhəbbət zəngəzurludur.
Ozan mahnısında dillənir hünər, –
Şeir də, sözü də zəngəzurludur,
Tale bəxşişidir, vallah, deyirlər:
Allahın özü də zəngəzurludur…
İrəvan, 1980
Link kopyalandı
Baxış sayı: 50