Eldar Baxışın şeirləri
**
Yox
Rəhmətlik Sabir,
rəhmətlik Məhəmməd Hadi,
rəhmətlik Hüseyn Cavid
küçəyə, bazara çıxardıb
sabunlarını satdılar,
tiyanlarını satdılar,
köynəklərini satdılar,
əlyazmalarını satdılar,
ömürlərini satdılar,
günlərini satdılar,
nələri var satdılar,
özlərini,
ruhlarını yox!
Rəhmətlik Sabirdən,
rəhmətlik Məhəmməd Hadidən,
rəhmətlik Hüseyn Caviddən
sonra gələn şairlər
küçəyə, bazara çıxardıb
özlərini, ruhlarını satdılar,
amma ömürlərini, günlərini,
əlyazmalarını, köynəklərini,
tiyanlarını, sabunlarını yox!
Bizim bir tərəfimizdə özlərini,
ruhlarını satmayan şairlər
durub,
bir tərəfimizdə özlərini,
ruhlarını satan şairlər.
Biz qalmışıq arada.
Bir tərəfdə onlar,
bir tərəfdə bunlar,
bir tərəfdə həqiqət,
bir tərəfdə yalan,
bir tərəfdə şeir,
bir tərəfdə siyasət,
biz qalmışıq arada.
Bir əlimiz orda,
bir əlimiz burda,
bir ayağımız orda,
bir ayağımız burda,
bir gözümüz orda,
bir gözümüz burda,
biz qalmışıq arada.
Ara şairləri deyirlər bizə;
biz bu aradan çıxmalıyıq,
bu ardan çıxıb getməliyik,
özü də o tərəfə – bu tərəfə yox,
bir tərəfə –
Sabir tərəfə,
Hadi tərəfə,
Cavid tərəfə.
O tərəfə ki
satmalı olsaq
sabunumuzu,
tiyanımızı,
köynəyimizi,
əlyazmamızı,
ömrümüzü,
günümüzü sataq,
daha Sabirdən,
Hadidən,
Caviddən sonra gələn şairlər kimi
özümüzü,
ruhumuzu yox!
1991
**
Yoxdu
Qaçıb bu dünyanın tamı,
Ha gəzirəm o tam yoxdu.
Məni çəkir ayağımdan,
Qolumdan bir tutan yoxdu.
Mən həm yayam, mən həm qışam,
Mən həm çöləm, mən həm xışam,
Bir parça dəmirəm, daşam,
Mənim anam, atam yoxdu.
Bu sayda adam içində,
Bu soyda adam içində
Bu boyda adam içində,
Dərd deməyə adam yoxdu
1991
**
Dünya
İsası qırıla, Musası qala,
Onsuz da bu dünya düzələn deyil.
Musası qırıla, İsası qala,
Onsuz da bu dünya düzələn deyil.
Bozara-bozara boz ayı çıxa,
Şaxta ayı çıxa, buz ayı çıxa,
Əlli günü çıxa, yüz ayı çıxa
Onsuz da bu dünya düzələn deyil.
Nə deyir sökülən, bax, o dan yeri?
Ayın ay yeri var, günün gün yeri,
Suyun su yeri var, dənin dən yeri
Onsuz da bu dünya düzələn deyil.
Sünbül sünbüldürsə, qıçalayacaq,
Budaq budaqdırsa, haçalayacaq,
Qurdu quzusunu parçalayacaq,
Onsuz da bu dünya düzələn deyil.
Min il bağrımızı yarıb beləcə,
Min il qanımzı sorub beləcə,
Dəvə boynu kimi durub beləcə,
Onsuz da bu dünya düzələn deyil.
Əzilsək, bir yerdə əzilməliyik,
Düzülsək bir yerdə düzülməliyik,
Eldar, biz özümümz düzəlməliyik,
Onsuz da bu dünya düzələn deyil.
**
Paltar var, baxıram üzü görünmür,
Paltar var astarı üzündən qabaq.
Baş var başkəsəni gəlib dünyaya,
Doğulub dünyaya özündən qabaq.
Baş var, başkəsəni qabağındadı,
Baş var, başkəsəni arxasındadı.
Başkəsən o yanda imam donunda,
Bu yanda peyğəmbər çuxasındadı.
Elə başkəsən var, elə gəzir ki,
Elə bilirsən ki, nur topasıdı.
Elə bilirsən ki, uca bir dağın
Uca zirvəsində qar topasıdı.
Elə bilirsən ki, bir gözəl şitil,
Bir gözəl toxumdu, bir gözəl dəndi…
Elə bilirsən ki, başkəsən deyil,
Elə bilirsən ki, başdüzəldəndi
1993
**
Pullu adam
Sənin pulun var.
mənim tanrım.
Sənin evin var,
mənim ilhamım.
Sənin maşının var,
mənim qələmim.
Sənin telefonun var,
mənim azadlığım.
Sən görən işi mən görə bilmərəm,
mən görən işi sən.
Sən cevinc içində üzürsən,
mən dərd içində.
Günlərin bir günü ölüb gedəcəyik, –
sənin pulun, evin, bağın,
maşının, telefonun,
sevincin qalacaq bu dünyada,
mənim tanrım, ilhamım,
şeirim, qələmim,
azadlığım, dərdim.
1991
**
Yarımçıq azadlıq
Alacağım nəfəsin
yarısını ala bilirəm,
deyəcəyim sözün
yarısını deyə bilirəm,
gedəcəyim yolun
yarısını gedə bilirəm,
çatacağım mənzilin
yarısına çata bilirəm…
…Mənə yarımçıq
azadlıq verincə,
bütöv ölüm ver, İlahi!..
1991