Ey dili qafil fil faili məchul fani f…
Derlər,
Unudulmuş oxucu,
Dijital-rəqəmsəl dönəmdə ədəbiyyatda, şeirdə sözləri sıradan çıxarıb terminologiyalara yer verəcək. Daha şaqqıldayan qafiyələrə o qədər də yer qalmayacaq şeirdə. Mən onda bilmirəm ki, bizim bu şairlər nə edəcək, hansı zülmlə üzləşəcəklər. Hələ bu fənaların təsirinə qapılan, toruna düşən gələcək gənc qurşaq şairlərin taleyinin necə olacağını demirəm. Onlar da S.Vurğunu, M.Rahimi, S.Rüstəmi, H.Arifi, Ə. Tudəni, B.Azəroğlunu, N.Xəzrini və başqalarını oxuyub eyni təb və qabiliyyətlə şeir yazmağa çalışarkən, düşəcəkləri vəziyyət son dərəcə üzücü gəlir adama. O yazıları qələmlə də yazsalar , yəqin o zamanın əllərindəki qələm belə o şeirləri, mövzuları, mövzulara sərf edilən sözləri qəbul edə bilməyəcək, dəstəkləməyəcək. Hələ mən bilgisayarların guya onlara qarşı edəcəkləri sayqısızlıqdan danışmaq istəmirəm.
Məsələn, deyək ki, bir şair , “deyəsən bizim fikirlər üst üstə düşür”, yerinə, qayıdıb yazsa ki, “bizim frekanslar kəsişir”, kütlənin ağzı nədi ki, bu şeiri əzbərləməsin.
Derlər,
Unudulmuş oxucu,
Yaxut biri yazsa ki, “diskonfort təmayüllərdə intuitiv diffuziyam”, yenə xalqın hünəri nədir ki, oxumasın bu misranı. Üstəlik də, bu misranın qafiyəsi tutulub növbəti misra zühur etsə, gəl indi bu şeiri oxuma görüm necə oxumuyasan:
“diskonfort təmayüllərdə intuitiv diffuziyam
gözlərimin qişasında implantet uziyəm”
Yaxut, bir şair də yerindən qalxıb, belə bir şeir də yaza bilər da:
“diskriminativ eleksiya təsiri
arxeloji geopolitik massivi
qalatikalar arası kassiri
neandertal
postportal keçirəndə bilərsən (görərsən*)
Hətta bu gedişatların ədəbiyyatımızda böyük və balaca qığılcımları, ənənəsi olduğunu da daqnmıram. Böyük mənada Nizaminin, Füzuli və Nəsiminin ərəb, fars dillərində yazmaları, A.Ələsgərin isə “paşol malçik idi duraq, səni verrəm podsuda” misrası da kiçik mənada bir örnəkdir. M.Ə.Sabirdən, M.Cəlildən isə heç söz salmıram.
Bir sözlə, bu nümunələrin say – hesabını artırmaq mümkündür. Bəs o zaman yazılacaq şeirlərin dili dijital-rəqəmsəl təfəkkürə əsaslanacaqsa, o yazılan şeir hansı etnosun, mədəniyyətin DİLİNİN şeiri, əsəri olacaq? Dijital-texnoloji təfəkkürün gətirdiyi zərurətin təlabatınca bir də şeirlərin termlərlə, terminologiyalarla yazıldığını asanlıqla görəcəksiniz.
Derlər,
Unudulmuş oxucu,
Bu gün bu terminologiyaların əsasını latın -yunan-ingilis mənşəli sözlər oluşdurur. Əksər terminologiyaların göstəricisi isə latın dili kökənli olmasıyla üzə çıxacaq. Demək , Azərbaycanın Qazax rayonundan olan Şirməmməd Dəliqanlıyev, Cəlilalabaddan Sevdimalı Ultimatumzadə, Qubadlı-Laçın rayonundan Mustux İnqlabsoyun yazacağı şeirlər: – qoşma, gəraylı, təcnis, bayatı kimi şeirləri bu terminologiyalara ayaq uydurmaq zorunda qalacaq. Niyə? Çünki gələcəyin toplumu indiki kütlə olmayacaq. Onlar, gələcəyin gəncindən qocasına kimi eyni səviyyə və eyni düşüncə, təfəkkür üsuluna uyğun formatlanaraq müasir bilinən dönəmlərini öz zəmanəsi hesab edəcəklər. O vaxt müasir bildikləri dönəmi öz zamanları hesab etmələrinə görə, onların ünsiyyətində zamanın sözlərini-daha doğrusu sözlərin yerində texnoloji çağ səbəbindən terminologiyalar aşıb daşacaq, çağlayacaq. Gəl gör o terminlərlə-qədim latın, bəzən yunana dilində olan o söz-terminlərlə bizim şairlər, hələ aşıqlar hansı pəstahlardan çıxmayacaqlar ki?
Ayə, bu xalqın ən böyük şairi traxtora, mersedesə şeir yazıb, sən nədən danışırsan. Hələ mən Baykal Amur Magistraldan, Marten sobalarından, reaktiv raketlərdən, televizor və soyuducudan yazılan neçə – neçə şairlərin neçə – neçə şeirlərdindən danışmıram.
Demək, gələcəyin Azərbaycan şairinin dili nə ərəb, nə fars, nə türk, nə rus , nə ingilis dili olmaycaq. Gələcəyin Azərbaycan və dünya şairlərinin ədəbi dili də yunan-latın dili olacaq. Onda erməni şairlərinin əsərlərini də ürəyi istəyən orjinaldan oxuyacaqdır. Eləcə də, tərcümə sənəti də ortalıqdan toza dönüb uzaqlaşacaq, eyni dil arealında bütün bəşər – yer kürəsinin şairləri öz azad mətnlərini yazıb bizi ağ günə çıxaracaqlar.
Darıxma, bir də gördün Nəsiminin, Füzulinin divanlarını çağdaş dilə: – yunan-latın dilinə çevirmə imkanı və şəraiti və ehtiyacı da oldu. Bu əlbəttə, ehtimaldı. Ancaq olsa, pis olmazdı qənaətinə də gələcəyiniz istina deyil.