İllərdir iş elə gətirib ki, Azərbaycan türkcəsindən Türkiyə, Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə təlabat və istək olduğundan dostların, yaxınların, tanışların arzularını geri çevirməyərək əsərlərini, bədii mətnlərini aktarmalı, uyğulamalı, çevirməli olmuşuq. Bu işi gerçəkdən görən, bu işi bacaran Ayişə xanımın  çevriləriylə tanış olduqdan sonra başqa bir sorunlarla, problemlərlə qarşılaşdığının şahidi olmuşam. Ümumiyyətlə, bizim türkcəmizdən Türkiyə türkcəsinə çevrilən mətnlər necə çevrilməlidir? Belə bir kural, qayda varmı görəsən? Əgər yoxdursa nə etməli, necə bir yol tutmalı? Bu da mümük deyilsə, indiyə kimi məlum mətnlərin hansını, kimlərin təcrübəsini örnək götürmək lazımdır?

Əsərlərini türkcədə görmək istəyənlər, işləri həll olunduqdan sonra, adama tənə atmaqdan geri qalmırlar. Guya daha kiməsə göstəriblər, o filankəs də deyib ki,  bu cümlə gərək belə yox, elə tərcümə olunardı. Adama başa salmaq mümkün deyil ki, qardaş, bu türkcədir. Üstəlik də bədii əsərdir. Bu tərcümələrin yüz variantı çıxa billər ortaya. Hər kəs  istədiyi bir örnək qoya bilər ortaya. Kim deyə bilər ki, bir cümlə illahım da mənim və sənin bildiyin, istədiyin kimi çevrilməlidir. İkincisi, Türkiyə və Azərbaycan ləhcələri dil baxımından yaxın olduğu üçün, müəyyən fərqlərə baxmayaraq eyni dil olduğu üçün ingilislə, rusla Azərbaycan dilləri arasındakı qayda-qanunlar, kurallar, onlar arasında heç bir rol oynaya bilmir və bilməz də. Ona görə ki, eyni dilin müxtəlif ləhcə fərqləri istənilən halda ciddi mətn nümunlərində “dil eyniliyi” təbiliyindən, fiaskoya uğrayır. Əlindəki məhsul daha da gülməli görsənir. Qaşı düzəltmək yerinə göz tökməyə bənzəyir. Enerji daşıyıcısı, təfəkkür yüklü dil, eynilik oyununda qarşıdurma yaradır. Ancaq fərqli dillər arasında sadəcə tərcüməçidən istedad və zövq, bacarıq tələb edilir ki, o taydakı düşüncə seli bu taya axa bilsin. Keçid anlayışında heç bir sorun yaranmasın. Ancaq eyni prinsib Türkiyə türkcəsiylə Azərbaycan türkcəsi arasında keçərli deyil. Digər bir məslə, biz çalışırıq ki, bu gün mədəniyyətin alt yapısı olan dil faktoru daha geniş bir müstəviyə qalxsın. Ortaq türkcə yanaşması bir tərəfli türkcə axınıyla, birtərəfli türkcədən istifadə ilə reallaşa bilməz. Dilin heç bir öhdəçiliyi və dil planı ola bilməz. Ancaq qarşımızda bu gün real görünən türk dillərinin sintezindən, qaynayıb qarışmasından oluşa biləcək bir dil mənzərəsi görünür. O dil meydanına bir bayraq sancmaq üçün, istənilən türk toplumunun danışdığı ləhcələrin incəliyini və tarixiliyini nəzərə almaq gərəkir. Bu ləhcələr arasında ən əsaslarından biri də  Türkiyə türkcəsindən bizə sözlər keçdiyi kimi,  Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə sözlər keçməlidir və keçir də. Bu sözlər özləriylə birgə keçdikləri ləhcələrə mənsub olduqları toplumun əxlaqını, tarixini, relyefini, coğrafiyasını, mədəniyyətini də çəkib gətirir.

Ortaya bədii mətn çıxdığı zaman, məsələn Azərbaycan türkcəsindən Osmanlıya keçiddə məncə,  böyük bir şans da qazanmış oluruq: –  bundan yetərli qədər anlayışı olan şüurlu şəkildə istifadə etməyi bacarmalıdır.  Yəni bir yazarın hər hansı bir hekayəsi türkiyə türkcəsinə çevrilirkən, ilk olaraq o müəllifin  öz dilində yazdığı üslubu qorunmalıdır.  Özəlliklə, bu iki ləhcə arasında baş verə biləcək  dil gerçəkliyidir. İkincisi, tərcümə əsəri Azərbaycan türkcəsinin məhsulu olduğunu yansıtmalıdır. Üçüncüsü, isə, çevriylə məşğul olan şəxsin boynuna düşən əsas görəvlərdən biri də, hər iki ləhcəyə mətnləri aktardığı zaman çalışıb ortaq türkcəyə xidmət edəcək ekvalaentləri  qoruya bilsin. Məncə,  bu sonuncu faktor da vazkeçilməz bir anlayış prinsipini özündə ehtiva etməlidir.

İndi, mən kimə necə və nə cür başa salım ki, ey gözəl insanlar, Türkiyə türkcəsi, ingiliscə, rusca, yaponca, farsca deyil. O da ola, bu dilin qarşısında duran Azərbaycan türkcəsi. İstənilən mətnlərin çevrisində,           (qarşılıqlı olaraq)  fikrimizcə, türk dilli toplumların ləhcə incəliklərini, gözəlliklərini və zənginliklərini nəzərə alaraq,  ortaq dil anlayışının formalaşması  yolunda addım atmaq lazımdır.

Ədəbiyyat tariximizdə  Hüseyn Cavid Əfəndi kimi nəhəng bir sənətkarın yaradıcılıq nümunələri göz qabağındadır.Onun əsərlərinin yaranması, ədəbiyyat və dil faktı olması  elə də uzaq bir tarixi  dönəmə təsadüf etmir. 20-ci əsr ədəbiyyatımızda Hüseyn Cavidin yaradıcılığı və yazdığı dil olmasaydı, ədəbiyyatımız necə görtünərdi. Söhbət türkçülükdən, millətçilikdən getmir. Lütfən, bir az da duyarlı olun. Bir dilin iki böyük qolunun ləhcələrindən məharətlə istifadə etməyi bacaran bu sənətkar, görün yaradıcı dil sintezində nələri ortaya çıxarmayıb?  Cavidin ədəbiyyatımıza gətirdiyi dil əgər qarşısı alınmasaydı, bu gün daha qapsamlı, geniş, müasir, daha dinamiq və energetiq bir yaradıcı dilllə qarşılaşmış olacaqdınız.

Türk dövlətləri birliyinin gerçəkləşməsi yolundakı proseslər daha çox dil faktorunda özünü göstərəcək. Biz o böyük dövlətin alt yapısı və zəmninin qarantisi olacaq o böyük dili də yaratmaq məcburiyyətindəyik. Yalnız dil öndərliyindəki bu yapılanma, nizamlanma gələcək bir mədəniyyətin metafizik boyutlarına dillə, dillə, dillə işıq tutacağına inanıram.

 

Paylaş:
Link kopyalandı
Baxış sayı: 22

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı